Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafada 2017-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olundu

27.07.2017

Bu gün rayonun Mədəniyyət Mərkəzində Ağstafa rayonunda 2017-ci ilin altı ayınının sosial-iqtisadi yekunlarına dair geniş hesabat yığıncağı keçirildi. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısı aparatının işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.  İclası giriş sözü ilə açan İcra başçısı  bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı  fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə, eləcə də  kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq   istehsal gücü sutkada  500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri davam etdirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar  “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  zavodlarıdır.  “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsinin tikintisi üçün 26 milyon manat investisiya qoyulmuş və tikintinin tam başa çatdırılması üçün əlavə olaraq 13 milyon manat investisiya yatırılması nəzərdə tutulur.  Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrinin icrası həyata keçirilir. “Venzena Mebel Fabriki”nin layihə smeta sənədləri hazırlanmış, torpaqayırma sənədləri hazırlıq mərhələsindədir, yaxın ğünlərdə mebel şəhərciyinin tikintisinə başlanılması nəzərdə tutulur. Məlumat verim ki, mebel şəhərciyinin tikintisi üçün 128 milyon 741 min manat investisiya qoyulması planlaşdırılır.
Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilmişdir. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.50 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri hazırda başa çatmaq üzrədir. Burada 120 nəfər daimi işlə təmin olunacaqdır.
Ağstafa rayonunda yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi,   rayonun  ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Rayonda fəaliyyət ğöstərən “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikdə ixrac yönlü məhsul istehsalı üçün əlavə olaraq 200 min (ABŞ) dolları həcmində investisiya qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 120 nəfərin çalışdığı fabrikdə ixrac üçün nəzərdə tutulan məhsulların istehsalı həyata keçirilir.
2017-ci ilin 6 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 17.4 faiz artaraq 65.1 milyon manata çatmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 23.0 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 5.2 faiz artmış, nəqliyyat xidmətində 5.6 faiz, rabitə xidmətində 7.7 faiz, ticarət sahəsində 1.9 faiz, tikinti sahəsində 61.4 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 54.9 faiz artmış və 23.4 milyon manatdan çox olmuşdur. Nəzərinizə çatdırım ki, investisiyaların 15.4 milyon manatı nəqliyyat sektoruna, 4.0 milyon manatı sənaye və 3.9 milyon manatı tikinti sahəsinə yatırılmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 34.0 faiz, pərakəndə əmtəə dövriyyəsi 3.2 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 241.60 manata çatdırılmışdır. 
“Azərbaycan Respublikasının 2017-ci il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq Ağstafa rayonunun 2017-ci il büdcəsinin xərcləri 7414 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 2975 min manat,  gəlirlər 4493 min manat təsdiq edilmişdir. Gəlirlər xərclərin 60,6 faizini təşkil edir. Nəzərinizə çatdırım ki, büdcə xərclərinin 2016-cı ilə nisbətən 57.3 faiz (9592245 man) azalması struktur dəyişiklikləri ilə əlaqədar yerli büdcədən maliyyələşən təhsil və mədəniyyət müəssisələrinin mərkəzləşdirilmiş xərclərdən maliyyələşməsi səbəb olmuşdur.
2017-ci ilin yanvar-iyun ayları ərzində  yerli  gəlirlər üzrə proqnoz  118.0 faiz yerinə yetirilmişdir. Yerli gəlirlər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 308.0 min manat çox icra olunmuşdur. Büdcəyə daxil olan vəsaitlər ilk növbədə əmək haqqına və ona bərabər tutulan xərclərə yönəldilmişdir. Büdcənin mədaxil və məxaric planının tam və vaxtında yerinə yetirilməsi, büdcənin icrasında yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir.
ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsi 11740 nəfər pensiyaçıya xidmət edir. 2017-ci ilin altı ayı ərzində 315 nəfərə əmək pensiyası təyin edilmişdir, bir nəfərə düşən orta aylıq pensiyanın məbləği rayon üzrə 178.25 manat təşkil edir. 6 ay ərzində əmək pensiyaların maliyyələşdirilməsinə 12.7 milyon manat, müxtəlif növ müavinətlərin ödənilməsinə 363.6 min manat vəsait xərclənmışdir. 
DSMF-nin Ağstafa rayon şöbəsi tərəfindən bu ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqqı üzrə proqnoza 108.8 faiz əməl olunmuş və büdcə təşkilatları üzrə daxilolma 110.8 faiz, qeyri büdcə təşkilatları üzrə 83.5 faiz olmuşdur.  Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan proqnoz tapşırığa 75.9 faiz əməl olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin rəhbərliyi  proqnoz tapşırıqların yerinə yetirilməsi üçün ciddi tədbirlər görməlidir.
Ağstafa rayonu üzrə 4263 nəfər sosial müavinət alan qeydə alınmışdır. Sosial məişət xidməti sektorunda 209 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. Rayon üzrə 2362 nəfərə, 525 ailəyə ünvanlı sosial yardım verilir, hər ailəyə ödənilən yardımın məbləği 153.48 manat, adambaşına 32.05 manat təşkil edir. Aztəminatlı ailələrə müavinətlərin verilməsi ilə bağlı müraciət edən hər bir vətəndaşa diqqət göstərilməlidir. 
“Azərpoçt” MMC-nin Ağstafa Poçt filialı 2017-ci ilin 6 ayı ərzində plan proqnoz tapşırıqlarını 118.0 faiz yerinə yetirmişdir. Ağstafa Poçt Filialı əhaliyə göstərilən xidmətin keyfiyyətini yüksəltməli və kəndlərdə poçt şöbələri üçün yeni binaların tikintisinin həyata keçirilməsi üçün tədbirlər görməlidir.  
2017-ci ilin 6 ayı ərzində rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə əhaliyə cəmi 3 mln. 616 min manat kredit verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 26 layihə üzrə 436.6 min manat güzəştli kreditlər verilmişdir. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 1557.4 min manat və 201.0 min ABŞ dolları həcmində olmuşdur, bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 1910 min manat civarındadır.
2017-ci ilin 6 ayı ərzində 725 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində  qeydiyyata alınmış və 307 nəfər  işlə təmin edilmişdir. Ötən dövr ərzində 19 nəfərə işsiz statusu verilmiş və işsizlik müavinəti təyin edilmişdir. Hazırda Məşğulluq  Mərkəzində 236 vakant iş yerləri mövcuddur. 
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda  952 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (821 nəfər) 86.2 faizi daimi işlərdə işləyənlərdir.
Statistik göstəricilərə görə bu ilin 6 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 63, gedənlər 39, artım +24), təbii artım 170 (doğulanlar 491, ölənlər 321), rəsmi qeydiyyata alınan nigahların sayı 188, boşanmaların sayı (49) bu göstəricinin 26.1 faizini  təşkil edir.
Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Dövlətimiz aqrar sahənin inkişaf etdirilməsini və bu əsasda əhalinin çörəklə etibarlı təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Aparılan aqrar islahatlar kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Dövlətin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf etməyə və kənd təsərrüfatı məhsul istehsalçılarının bu sahəyə marağı artmışdır. Bu il rayon üzrə 8735 hektar sahədə buğda, 1857 ha sahədə arpa olmaqla cəmi 10592 hektar taxıl səpini həyata keçirilmiş, bu da ötən illə müqayisədə 73 hektar çoxdur, hazırda  taxıl biçini davam etdirilir. Nəzərinizə çatdırım ki, rayon üzrə əkinə yararlı torpaq sahələrindən əkilməmiş boş yer qalmamışdır.
Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 945.2 min manat və ya 5.2 faiz artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. Rayonda payızlıq və yazlıq bitkilərin əkilib-səpilməsində “Ağstafa Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı texnikasından istifadə olunmuşdur.  Bu da  rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır.
Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 (dörd) manat məbləğində subsidiya ödənilir. Məlumat verim ki, bu il rayonumuzda 500 hektar şəkər çuğunduru əkilmişdir. Bu sahə ilə məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçıları toxumun alınması və hazır məhsulun satılması problemi ilə üzləşməyəcək.
Rayonda yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi rayonun iqtisadi potensialını artırır və yeni iş yerləri yaradır. Bu il rayonda 3116 kq barama istehsal olunmuşdur, bu da ötən illə müqayisədə 1203 kq və ya 62.9 faiz çoxdur. Nəzərinizə çatdırım ki, barama satışından 28044 manat vəsait əldə olunmuşdur.
2017-ci ilin altı ayı ərzində  Ağstafaçay dəryaçasında  kifayət qədər su ehtiyatı yığılmadığından suvarma suyu ilə təminatda müəyyən problemlər yaranmışdır. Hazırda su anbarında 21.0 milyon kub metr suvarma suyu mövcuddur. Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi tərəfindən cari ilin 6 ayı ərzində 6 ədəd selötürən, 2 ədəd suayrıcı qurğular, 1 ədəd dükker  və 13 ədəd hidrotexniki qurğular, 6 ədəd hidropostlar, 6.8 km beton kanallar cari və əsaslı təmir edilmidir. Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən 2017-ci ilin altı ayı  ərzində R-5 kanalında əsaslı təmir və kanalda səviyyəqaldırıcı qurğular əsaslı təmir olunmuş, 11 ədəd hidrotexniki qurğu, 2 ədəd hidropost və  3.1 km kanalda cari təmir, kanalların lildən və kol-kosdan təmizlənməsi həyata keçirilmişdir.
Təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər görülmüşdür. 2012-ci ildən bu günə qədər rayonda 8 yeni məktəb binası tikilmişdir. Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana şəkilmişdir. C.Cabbarlı, İ.Rəhimov və Qaçaq Kərəm adına küçələrdə abadlıq-yenidənqurma işləri davam etdirilir. Aşıq Ələsgər, Mehdi Mustafayev, H.Aslanov və Nizami küçələrində abadlıq işləri üçün hazırlıq işləri aparılır, zəbt olunmuş səkilər açılmış və ağaclar budanmışdır. Şəhərin Ş.Qurbanov 4 və 23 saylı, M.Allahverdiyev 16, 20, 22 saylı, R.Alıcanov 1 və 2 saylı,  C.Cabbarlı küçəsində 17, 19 və 38 saylı, Heydər Əliyev prospekti 36 saylı yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasad hissəsi, pilləkən boşluqları və həyətlərində təmir bərpa işləri görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illər Ağstafa rayonunda yol infarstrukturunun əsaslı, yenidən quruluması uğurla icra olunur.  Hazırda əsaslı şəkildə yenidən qurulan  Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər  avtomobil yolunda əsaslı yenidənqurma işləri davam etdirilir. Vurğun, Ğöycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır. 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidənqurulması həyata keçirilir. Bu günlərdə 9.5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisinə başlanılmışdır.
Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası əsasən başa çatdırılmışdır. Layihə çərçivəsində dəmir yolu, Ağstafaçay və Acıdərəçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılmışdır. Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr və yolun 29,5 kilometrində  Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metrdir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.
Tədbirdə RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev məruzə ilə çıxış etmişdir. Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Tədbir  işgüzar şəraitdə keçdi.