Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanasında, şəhər bir saylı folklor evi ilə birlikdə Xalq Şairi  Hüseyn Arifin anım günü ilə əlaqədar tədbir keçirildi

14.09.2021

14 sentyabr 2021-ci il tarixində Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanasında, şəhər bir saylı folklor evi ilə birlikdə müasir Azərbaycan ədəbiyyatının ən parlaq və əvəzolunmaz simalarından olan, xalqın sevimlisi - Xalq Şairi  Hüseyn Arifin anım günü ilə əlaqədar tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Ağstafa rayon MKS-in direktoru S.Nağıyeva açaraq bildirdi ki, Hüseyn Arif folklorla, xalq poeziyası ilə fitrətən bağlı sənətkar idi. O, təbiəti necə duyurdusa, şeirlərinə gülün, çiçəyin ətrini necə hopdururdusa, xalq poeziyasına da sevgisi eləcə idi. Xalq poeziyamızın gözəl ənənələrinə arxalanan müəllifin dili əsl, müasir Azərbaycan dilidir. Sonra isə söz növbə ilə tədbirə dəvət olunmuş qonaqlara verildi. Azərbaycan Yazıçılar Birliyinin  Qazax filialının sədri şair Barat Vüsal  çıxışında dahi şair Hüseyn Arif haqqında olan xatirələrini qonaqlarla bölüşdü, şeirlərindən misralar səsləndirdi. “Hüseyn Arif” ədəbi birliyinin sədri Saqif Qaratorpaq  çıxış edərək bildirdi ki, Hüseyn Arif aşıq poeziyasının vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif Ələsgərin ustadı Aşıq Alının şeirlərini toplayırdı. Ömrünün son illərində isə şəxsən öz təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyini təsis etmişdi. 
Şairin yaxın dostlarından olan və Gülgün müəllim ,Aydın müəllim, Şamil müəllim şairlə olan şirin xatirələrindən, şair ömrünün son anlarından, sözün əsl mənasında Hüseyn Arifin sadə, qayğıkeş el şairi olmasından danışdılar.
Saz-söz ustaları aşıq İradə və aşıq İlqar Qələmçəlinin ifasında şairin şeirlərinə bəstələnmiş havalar səsləndirildi. Tədbirə dəvət olunmuş Hüseyn Arif poeziyasının vurğunlarından biri  şairə, jurnalist, xanəndə Ziba Sevindik aşıq İlqar Qələməlinin müşayiəti  ilə şairin şeirləri səsləndirdi.
Çıxış edənlərdən Xalq artisti Tariyel Qasımov, Mustafa Rasimoğlu, Şahinə Könül, Rüfət  Axundzadə  şair haqqında xoş sözlər söylədilər. Sonda isə MKS-in əməkdaşı Səadət Nağıyeva Hüsyn Arifin “Analar” şeirini söylədi və "Hüseyn Arif xatirələrdə" adlı sərgiyə baxış keçirildi.